“Təhsil haqqında” Azərbaycan Respublikası qanununa edilmiş əlavə və dəyişikliklər

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa əlavə və dəyişikliklər etmişdir. 
           Azərbaycan Respublikası “Təhsil haqqında” qanunun 22.12–ci maddəsinə əsasən doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununu və bu Qanuna uyğun olaraq ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatla əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.
           Həmin maddəyə edilmiş əlavəyə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında ali təhsilin ən yüksək pilləsi hesab edilən  doktoranturaya qəbulu həmçinin    “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramına," əsasən   həyata keçiriləcəkdir.       
 
            Eyni zamanda  "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir." məzmunlu 44.1-1-ci maddədə  "kvota" sözündən sonra ", təhsil qrantı proqramı" sözləri əlavə edilib  və eyni maddəyə aşağıda qeyd edilən 44.1-1- ci bənd əlavə edilib:
             44.1-1-ci maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir.
            Qeyd: Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrindən gəliş-gediş xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına müəyyən olunmuş məbləğdə  həmin ali təhsil müəssisəsi vasitəsilə həyata keçirilir.