Sarı kəsişmə toru: Yenilik, yoxsa qanunun tətbiqi?

Sarı kəsişmə toru ilk dəfə 1967-ci ildə Londonda sınaqdan keçirilib və müsbət nəticə verdiyindən hazırda ABŞ və Asiyanın bir çox ölkəsində tətbiq edilir. Ölkəmizdə ilk dəfə olaraq paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində pilot layihə olaraq sarı kəsişmə toru nişanlanması təşkil edilib. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub. Sarı kəsişmə torunun funksiyası isə ondan ibarətdir ki, bu tor yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir. Bu nişanlanma yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur. Sarı torun mahiyyəti isə qanunvericilikdə tam olaraq yenilik hesab edilə bilməz. Bele ki, bu sarı tor mövcud olan "Yol hərəkəti haqqında" Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçün bir vasitə rolunu oynayacaq. Belə ki, Azərbaycan Respublikası Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağının qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

 Sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, YHQ-nin 75-ci maddısinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmağa görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər.

Sarı tor hələ ki, YHQ-də təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişik layihəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən müzakirəyə təqdim edilib.