Hüquqşünas tələbələr prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində cəlb ediləcəklər

Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimat təsdiq edilmişdir. Həmin təlimata əsasən hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün prokurorluq orqanlarının fəaliyyətinə ictimai köməkçi qismində könüllü olaraq cəlb edilmələri nəzərdə tutulmuşdur.

Prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət prokurorluqda kadr siyasətinin həyata keçirilməsi üçün ictimaiyyətlə qarşılıqlı əlaqələrin qurulması, yüksək peşə hazırlıqlı kadr ehtiyatının formalaşdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərə bu dövlət orqanının fəaliyyətinin məzmunu və iş şəraiti ilə tanışlıq imkanının yaradılması, onların bilik, bacarıq və peşə vərdişlərinin artırılması məqsədi daşıyır.

Müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində bakalavriat (ikinci kursu bitirmiş), habelə magistratura səviyyələrində təhsil alan tələbə gənclər ictimai köməkçi qismində fəaliyyətlə əlaqədar 437-28-56, 492-06-82, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə Kadrlar idarəsinə müraciət edə və Baş Prokurorluğun internet saytından (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) əlavə məlumat ala bilərlər.