"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklərin edilməsi qərarını alıb:

Qanunun "Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir" məzmunlu 5.2-ci maddəsindəki "təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər)" sözlərindən sonra ", qanuni təmsilçi (qanuni təmsilçilər)" sözləri əlavə edilib və həmin maddədə "onun (onların)" sözləri "onların" sözü ilə əvəz edilib.

Qaununun 5-ci maddəsi üzrə hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı ərizədə göstərilmli olan məlumatlar sırasına aşağıdakı məzmunda 5.3.2-2-ci maddə əlavə olunub:
"5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat"

Qanunda ərizəyə əlavə edilməli olan sənədlər sırasında qeyd edilən " hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd" məzmulnu 5.4.5-ci maddədə "qurumun" sözü "qeyri-kommersiya qurumunun" sözləri ilə əvəz edilib və "qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti" məzmunlu 5.4.6-ci maddədə  "təyin edildiyi halda, onun" sözləri çıxarılıb.

Bundan başqa, qanunun "Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir." məzmunlu 5-1.1-ci maddəsinə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilib: 
"Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.".

Xatırladaq ki, bu dəyişikliklər Prezident tərəfindən imzalandıqdan və müvafiq qaydada dərc edildikdən sonra qüvvəyə minəcək.